Martın 20-i Azərbaycanda xalqın sevimli bayramlarından biri olan Novruz bayramıdır.
YeniAvropa Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, yazın Azərbaycana gəlişi martın 21-i saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq. Buna görə də martın 20-si bayram axşamı kimi hesab olunur.
Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən-su, od, külək və torpaqdan yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl eyni adlı 4 çərşənbə qeyd olunur.
Novruz bayramının özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək,yumurta döyüşdürmək, qonaq getmək,şam yandırmaq,yallı getmək və s.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 27-dək ölkədə qeyri-iş günüdür.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.