logo

Kür çayı üzərindəki körpü əsaslı bərpadan sonra istifadəyə verilib

13:15 18-03-2019 | icon 3136
Kür çayı üzərindəki körpü əsaslı bərpadan sonra istifadəyə verilib

Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal konstruksiyalı Kür körpüsünün əsaslı şəkildə bərpası işləri yekunlaşdırılıb və Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən  YeniAvropa-ya bildirilib ki, bu münasibətlə təşkil olunan tədbirdə Agentliyin idarə heyətinin sədri Saleh Məmmədov, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, AAYDA-nın idarə heyətinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 3 aşırımlı körpünün uzunluğu 335 metr, eni isə 11,5 metrdir. Körpünün hərəkət hissəsinin eni 7,5 metr, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir. 1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpüdə geniş təmir-bərpa işləri həyata keçirilib. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları eləcə də, yanaşma plitələri yenidən inşa edilib. Layihəyə uyğun olaraq, körpünün yanaşma yolları da asfaltlanıb, hər iki tərəfdə suaxıdan beton küvetlər tikilib və işıqlanma dirəkləri quraşdırılıb.