Ağstafa rayonunda top mərmisi aşkarlanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) YeniAvropa-ya bildirilib ki, martın 17-də saat 11:35-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 152 millimetrlik top mərmisi (OF-530) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 400 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.