Bakı şəhərinin Səbail rayonunda 76 millimetrlik top mərmisi aşkarlanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) YeniAvropa-ya bildiriblər ki, martın 17-də saat 12:13-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Bakı şəhərinin Səbail rayonunda mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupunun mütəxəssisləri, Səbail Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qeyd olunan ərazidə yol kənarına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 76 millimetrlik top mərmisi (Ş-354) aşkarlanıb. Mərmi zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.
Mərminin ətrafında 500 kvadratmetr əraziyə yerüstü, 200 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.