SOCAR-la Əlcəzairin “Sonatrach” şirkəti arasında əməkdaşlıq imkanları araşdırılacaq.
SOCAR-dan YeniAvropa-ya bildirilib ki, martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əlcəzairin “Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə SOCAR və “Sonatrach”ın beynəlxalq miqyaslı fəaliyyətlərində bir çox kəsişmə nöqtələrinin olmasının iki şirkət arasında daha sıx əməkdaşlıq üçün əsas yaratdığı qeyd edilib.
Azərbaycanın qlobal brendi olan SOCAR dünyanın müxtəlif bölgələrində neft və qaz sənayesinin bütün dəyər zənciri üzrə əməliyyat və investisiya layihələri həyata keçirir. “Sonatrach” şirkəti son dövrdə beynəlxalq əməliyyatlarını genişləndirərək, müxtəlif ölkələrdə, o cümlədən Aralıq dənizi hövzəsində sərmayələr yatırıb və beynəlxalq bazarlardakı fəaliyyətlərini daha da genişləndirmək niyyətindədir. Beləliklə hər iki şirkət müxtəlif fəaliyyət sahələrində, o cümlədən hasilat, ticarət, araşdırma və inkişaf, habelə yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi kimi istiqamətlərdə potensial əməkdaşlıq imkanlarını araşdıracaq.
Qeyd edək ki, SOCAR neft və qaz sənayesinin dəyər zənciri üzrə müxtəlif əməliyyatları, o cümlədən satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət, həmçinin ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır. Bununla yanaşı, Azərbaycan daxilində həyata keçirilən hasilat, emal, nəql, kimya sənayesi və sair kimi bütün fəaliyyət sahələrində yeni tərəfdaşlıq imkanları da daim nəzərdən keçirilir.