Martın 14-də İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Qeyd edilib ki, ikigünlük səfər çərçivəsində Fərhad Dejpəsənd Dövlət Komissiyasının 13-cü iclası və biznes-forum da iştirak edəcək, eləcə də dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Komissiyanın ötən iclasından sonrakı dövrdə görülən işlər, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.