logo

Sabah 40 minədək 9-cu sinif şagirdi buraxılış imtahanını verəcək

12:50 09-03-2019 | icon 4473
Sabah 40 minədək 9-cu sinif şagirdi buraxılış imtahanını verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən  YeniAvropa -ya bildirilib ki, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim ediləcək. Saat 11:00-da başlanan imtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 91 imtahan mərkəzi ayrılıb.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 39700 (Gəncədə 3133, Daşkəsəndə 278, Göygöldə 858, Samuxda 718, Sumqayıtda 4542, Abşeronda 4161, Şamaxıda 990, Naftalanda 103, Goranboyda 1354, Yevlaxda 1350, Şəkidə 2013, Qəbələdə 1273, Oğuzda 500, Bərdədə 2234, Ağdamda 982, Tərtərdə 832, Kürdəmirdə 1227, Zərdabda 581, Ağsuda 735, İmişlidə 1178, Sabirabadda 1805, Biləsuvarda 1390, Saatlıda 1007, Lənkəranda 2392, Astarada 1222, Xaçmazda 2157, Şabranda 685) şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 283 imtahan rəhbəri, 3367 nəzarətçi‑müəllim, 264 buraxılışı təşkil edən əməkdaş, 91 bina nümayəndəsi ayrılıb.

Adları qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 9-da təkrar baxış keçirilir. İmtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.