logo

Paytaxtda 5 yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır

17:11 07-03-2019 | icon 3297
Paytaxtda 5 yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Bakının 5 ərazisində piyada keçidlərinin inşası aparılır.

YeniAvropa xəbər verir  ki, bu barədə Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. Bunlar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində - uzunluğu 57,4 metr, qalereyasının eni 4,4 metr, hündürlüyü isə 3,2 metr olan yeraltı piyada keçidi. Keçid qazma üsulu ilə inşa edilir.

2. Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində - “Şamaxı yolu” adlanan ərazidə uzunluğu 227 metr, eni isə 2,7 metr təşkil edən yerüstü piyada keçidi. Piyada keçidi “asma” tipli və üst hissəsi açıq olacaq.

3. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrində - uzunluğu 45 metr, eni 3,5 metr, yol üzərindən hündürlüyü isə 5,5 metr təşkil edən yerüstü piyada keçidi.

4. Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu 59,4 metr, oxdan-oxa uzunluğu 52 metr, kənar dayaqlarda hündürlük isə 5,15 metr təşkil edir.

5. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrində (Hökməli dairəsinin yanı). Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü 5,5 metr təşkil edəcək.

Bundan başqa, daha 5 yerdə - Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində, Xətai rayonu, Neapol küçəsi (parkın yanı), Zığ yolunda (Zığ dairəsinin yaxınlığı), Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27,7-ci kilometrində (Ceyranbatan qəsəbəsi) və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrində (Qaradağ rayonu) yeni piyada keçidlərinin inşası nəzərdə tutulur.

Agentlik tərəfindən 2016-2018-ci illərdə 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.