logo

Yevlax rayonunda 65 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21:58 06-03-2019 | icon 2863
Yevlax rayonunda 65 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Martın 5-də saat 10:55-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Yevlax şəhəri, Aran qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə martın 5-6-da qeyd olunmuş ərazidə ferma sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd partlamamış hərbi sursat (PHS) və 123 ədəd təlim (tərkibində partlayıcı maddə olmayan) məqsədli mərmilər aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 50 min kvadratmetr (5 ha) əraziyə yerüstü, 50 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.