Azərbaycanda martın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6°, gündüz 8-12° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış, axşam dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.