Bu gün Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu bir hissəsi istismara verilir
Martın 6-da İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkənin Gilan vilayətinə səfər edib. Səfəri çərçivəsində Həsən Ruhani Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsinin istismara verilməsi mərasimində iştirak edəcək.
YeniAvropa xəbər verir ki, Rəşt şəhərində keçiriləcək mərasimdə xarici qonaqlar və İranda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edəcəklər. Azərbaycanı bu mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizin İrandakı səfir Bünyad Hüseynov təmsil edəcəklər.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu yalnız İran ilə Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək.
Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri məhz bu yol vasitəsilə Avropa ilə ticarət əlaqələrini davam etdirəcək. Yüklər Asiyadan Avropaya və əks istiqamətə Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq.