logo

Neft Fondunun 2018-ci il üzrə gəlir və xərcləri açıqlanıb

18:41 01-03-2019 | icon 3262
Neft Fondunun 2018-ci il üzrə gəlir və xərcləri açıqlanıb

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 17 milyard 614,1 milyon manat, büdcə xərcləri isə 11 milyard 455,6 milyon manat təşkil edib.

Fonddan YeniAvropa-ya bildirilib ki, 2018-ci il ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 milyard 433 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 milyard 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat olub.

İl ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manata bərabər olub. Keçən il ARDNF-in 2018-ci il büdcəsinin icrası çərçivəsində 10 milyard 959 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat vəsait ayrılıb. 7,2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 1 milyard 557,3 milyon manat olub.

Bu il yanvarın 1-ə fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 7,56 faiz artaraq 38 milyard 515,2 milyon dollara bərabər olub. Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri hesabına baş verib.