logo

“Iteca Caspian” cari ildə 24 sərgi keçirməyi planlaşdırır

20:52 28-02-2019 | icon 31332
“Iteca Caspian” cari ildə 24 sərgi keçirməyi planlaşdırır

Sərgi və konfrans təşkilatçıları - “Iteca Caspian” və “Сaspian Event Organisers” (CEO) şirkətləri dövlət strukturlarının dəstəyi ilə cari ildə 24 sərgi keçirməyi planlaşdırır. Həmin sərgilərdən biri də apreldə keçiriləcək.

“Iteca Caspian”dan YeniAvropa-ya bildirilib ki, bu il 4 irimiqyaslı sərgi: 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan”, 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiyalar və Yüksək Texnologiyalar - “Bakutel” sərgi və konfransı, eləcə də 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf mühit “Caspian Ecology” sərgiləri öz ildönümlərini qeyd edir. Keçirildiyi illər ərzində bu sərgilər Xəzəryanı regionda lider mövqeyə çıxaraq peşəkarların ənənəvi görüş yerinə çevrilib və xeyli sayda ziyarətçi cəlb edib. Yubiley sərgilər ilə bağlı xüsusi tədbirlər proqramı nəzərdə tutulub. Bundan başqa, “BakuBuild”, “Bakutel”, “Securex Caspian” və “EduExpo” kimi bir sıra ənənəvi sərgilər 2019-cu ildə yeni imic qazanıb.

Sərgilər aprelin 4-6-da Bakı Ekspo Mərkəzində keçiriləcək və Turizm və Səyahətlər “AITF” sərgisi ilə açıq elan ediləcək. Ənənəvi olaraq, sərgi dünyanın 30-dan çox ölkəsini təmsil edən turoperatorlar, turizm şirkətləri, aviaşirkətlər, sanatoriyalar, milli və regional turizm təşkilatları, habelə dövlət strukturlarını bir araya gətirəcək. Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası kimi ölkələr sərgidə öz milli stendləri ilə çıxış edəcək.

Həmçinin bu il sərgidə ölkəmizin turizm potensialını xarici qonaqlara və ölkənin turizm şirkətlərinə nümayiş etdirəcək Azərbaycan stendi də olacaq. Sərginin daimi iştirakçısı - Dominikan Respublikası Turizm Nazirliyi öz turizm imkanlarını “AITF” sərgisinin ziyarətçilərinə daha aydın şəkildə təqdim etmək məqsədilə bu il ilk dəfə olaraq tədbirin sponsoru qismində çıxış edəcək.

2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə bağlı sərgi təşkilatçıları qonaqlar və iştirakçılar üçün “Tarixə və Nəsimi yaradıcılığına səyahət” təşkil etməklə “AITF” sərgisi çərçivəsində bu tədbiri qeyd etmək qərarına gəliblər.

Daha sonra sərgi mövsümü “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya - “Ipack Caspian”, Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar - “HOREX Caucasus”, 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - “Caspian Power”, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil & Gas” sərgiləri ilə davam edəcək. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransı bu il “Bilgah Beach” otelində təşkil olunacaq.

Bundan başqa, 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “Transcaspian”, 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic” və 6-cı Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi - “Kater və Yaxtalar” sərgiləri ilə bu il iyunun 11-13-də sərgi mövsümünə yekun vuracaq. Sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək.

Həmçinin bu il bir sıra layihələr üçün debüt ilidir. Belə ki, aprelin 6-da start götürən “Fərqli Fərdlər” konqresinin məqsədi ictimaiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətləri olan uşaqların inkişafına və tərbiyəsinə yönəltmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq, eləcə də dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə “Autizm spektr pozuntusu (ASP)”, “Diqqət çatışmazlığı sindromu və hiperaktivlik sindromu (DÇHS)”, “Turett sindromu və Daun sindromu” mövzularına toxunulan 4 panel təqdim olunacaq. Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, psixi pozuntulardan əziyyət çəkən uşaqların valideynləri, eləcə də pozuntuların mövcudluğuna baxmayaraq, öz həyat və nailiyyət tarixçələri barədə məlumat verəcək insanlar yer alacaq. Konqresdə dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf xüsusiyyətləri olan insanlar ilə iş üzrə mütəxəssislər də iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin BP və “Shokki Mokki” kimi şirkətlər tərəfindən dəstəklənir.

Təşkilatçıların portfelinə daxil olan daha bir yeni layihə isə noyabrın 6-7-də “Fairmont” otelində keçirilməsi planlaşdırılan 1-ci Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar - “MEDINEX 2019” sərgisi və forumu olacaq. Tədbirin məqsədi sənayenin gələcək inkişafı naminə bu sahənin, o cümlədən rəqəmsal səhiyyə sektorunun müxtəlif mütəxəssislərini bir araya gətirməkdir.

Azərbaycanda keçiriləcək bütün sərgilər geniş işgüzar proqram və əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq. Belə ki, sərgi iştirakçıları ilə yerli istehsalçılar və distribüterlər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlər eksponentlərə potensial tərəfdaşlar, sifarişçilər ilə görüşmək üçün əlavə imkan yaradacaq.

Daha sonra “WorldFood Azerbaijan” sərgisi çərçivəsində Azərbaycan aşpazları çempionatı, Barbekyu çempionatı və dünya səviyyəli qastronomiya ustalarının təqdimatları, eləcə də ustad-dərsləri ilə əlamətdar olacaq. Bu il Azərbaycan aşpazlarının 2-ci konqresinin keçirilməsi planlaşdırılır. Təşkilatçılar sərgilərin veb-saytlarında ziyarətçilərə bir sıra üstünlüklər – sərgilərdə iştirak, əlavə tədbirlər proqramı və digər tədbirlər barədə ətraflı məlumat əldə etmək imkanı verən “Şəxsi kabinet”dən fəal istifadə etməyi tövsiyə edirlər.

Beləliklə, növbəti sərgi mövsümü bütün sənaye sahələrinin peşəkar və mütəxəssisləri üçün qısa müddət ərzində xeyli aktual və faydalı məlumatlar əldə etməyə, biznesdə yeni istiqamətlər tapmağa, etibarlı tərəfdaşlar ilə görüşməyə, eləcə də yeni şirkətlərdə Xəzəryanı regiona maraq yaradaraq onları bu regiona cəlb etməyə imkan yaradacaq.