20 Yanvar faciəsinin 28-ci ildönümü Lənkəranda şəhidlərin ruhuna ehtiramla qeyd olunur. Bu münasibətlə bu gün səhər saatlarından minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad edib. YeniAvropa xəbər verir ki, anım mərasimində Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə tər çiçəklər düzüblər.İcra başçısı eyni zamanda abidə önundə şəhid ailə üzvləri ilə görüşərək söhbət edib və bir daha onların qayğıları ilə maraqlanıb.
Saat 12-00 -də rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5 nəfəri Bakıda, 5 nəfəri Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə şəhid olub, 1 nəfəri isə rus hərbçiləri tərəfindən vertolyotda boynuna məftil bağlamaqla amansızcasına boğularaq öldürülüb.
Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm abidə kompleksi ucaldılıb, adları küçələrə verilib, məzarları ətrafında abadlıq-bərpa işləri görülüb.