logo

Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

15:37 20-01-2018 | icon 2317
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

Ukraynanın paytaxtı Kiyevdə “Qanlı 20 Yanvar faciəsi: səbəblər, nəticə, tarixi dərs” mövzusunda “dəyirmi masa” keçirilib. YeniAvropa xəbər verir  ki,  Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) mətbuat mərkəzində təşkil olunmuş “dəyirmi masa” “Ukrinform-internet” televiziya kanalı tərəfindən canlı yayımlanıb.

Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib.

“20 Yanvar hadisəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 28 il öncə doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”, - deyə səfir əlavə edib.

O vurğulayıb ki, həmin vaxt üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, başda Mixail Qorbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayəti beynəlxalq aləmə çatdırdı.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların xatirələrinin daim əziz tutulacağını vurğulayıb. Bildirib ki, 20 Yanvar faciəsi xalqımızın milli əzmkarlıq salnaməsidir.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin parlament sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və digərləri çıxışlarında Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən bəhs ediblər. Onlar 28 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsində birbaşa əli olan M.Qorbaçov və o zamankı sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmamasını tarixi ədalətsizlik kimi dəyərləndiriblər.

Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən sənədli filmə baxıblar.