logo

Azərbaycan 5, 10 və 20 qramlıq qızıl sikkələri satışa çıxarır

10:54 25-02-2019 | icon 11823
Azərbaycan 5, 10 və 20 qramlıq qızıl sikkələri satışa çıxarır

“AzerGold” QSC Heydər Əliyev Mərkəzində Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələrin təqdimat mərasimini keçirib.

QSC-nin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, tədbirdə çıxış edən “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov  müxtəlif seqmentləri əhatə edən keyfiyyətli məhsul və xidmətlərin dünya bazarlarında böyük uğur qazandığını söyləyib. Milli qızılımız və gümüşümüzdən sikkə və külçələrin istehsalının “Made in Azerbaijan” brendinin təşviqinə və möhkəmlənməsinə önəmli töhfə verəcəyini deyən sədr qızıl və gümüş məhsulların vətəndaşlara premium-klass keyfiyyət təqdim edəcəyini vurğulayıb.

Daha sonra külçə və sikkələrin istehsal prosesi haqqında bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin idarə heyəti sədrinin müavini Oqtay Məmmədov sikkə və külçələr haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ilkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal olunub. Növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.

5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.

Təqdimat mərasimində yüksək vəzifəli hökumət rəsmləri, incəsənət və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak edib.