logo

"Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq işləri aparılır

23:51 23-02-2019 | icon 3164
"Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq işləri aparılır

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri sürətlə davam etdirilir.

YeniAvropa xəbər verir  ki,  minlərlə soydaşımızın ziyarət yerinə çevrilən park və ətrafı milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Rayonun Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənib, rəngarəng güllər və dekorativ kollar əkilib.

Parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında ümumi sahəsi 1200 kvadratmetr əraziyə Xocalı faciəsini əks etdirən fotobannerlərin quraşdırılması həyata keçirilib. Bununla yanaşı, anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişini rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri görülüb.

Qeyd edək ki, Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Bu faciədən 27 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.