Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələbetmə) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman atəşə yararlı Çexiya istehsalı olan “Ceska-Zbrojovka” markalı tapança, 1 patron darağı və 4 patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 5-ci Polis Bölməsində H.Mirzəyev barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.