Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində - 23 fevral tarixində Avropanın siyasi mərkəzi olan Brüsseldə (Lüksemburq meydanında) “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, diaspor təşkilatları mitinqin canlı olaraq Azərbaycanda da yayımlanması təşəbbüsünü irəli sürüblər:
"Komitə xaricdə yaşayan soydaşlarımızın hər bir təşəbbüsünə, o cümlədən bu mitinqin canlı yayımlanması ilə bağlı təşəbbüsə diqqət və həssaslıqla yanaşır. Mitinqlə bağlı lazımi dövlət qurumlarına, eləcə də televiziyalara rəsmi məktublar göndərilib, mətbuata açıqlama verilib, sosial şəbəkə üzərindən diaspor təşkilatlarına bütün mümkün dəstəklər göstərilir.
Mitinq yerli vaxtla saat 14:00-16:00 arasında olacaq. Bu da Bakı vaxtı ilə saat 17:00-19:00-a düşür. Bu saatda hər kəs mitinqi Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq izləyə bilər.
Mətbuat xidməti olaraq, bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən, eyni zamanda müxtəlif dillərdə daha çox paylaşsınlar. Bu həm düşmənə bir cavabdır, həm də xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini stimullaşdırır".