İnşa olunan yeni gəmilər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər dənizindəki üstünlüyünü davamlı edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmilər Gəmiçiliyin Xəzər dənizindəki üstünlüyünü davamlı edəcək, qazandığı mövqeyi qorumasına imkan yaradacaq.
“Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək ölkəmizi nəqliyyat qovşağına çevirməkdir. Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində çoxsaylı işlər görülür, dəmir yolları, avtomobil yolları tikilir və yenidən qurulur. Həmçinin keçən il Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı istifadəyə verilib. Həyata keçirilən infrastruktur layihələri ən yüksək standartlara cavab verir. Bu layihələr Azərbaycanın nəqliyyat, tranzit, logistika sahəsində regionda aparıcı yer tutmağına səbəb olur”, - deyə Ş.Mustafayev əlavə edib.