Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri zamanı 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
YeniAvropa xəbər verir ki, polis əməkdaşlarının rayonun Sərək kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakini Fərhad Əliyev 29 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq, onun yaşadığı evə keçirilən baxış zamanı yaşayış evinin saxlanc kimi istifadə etdiyi otağından çəkisi 5 kiloqram olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basdırılmış 2 ədəd 3 litrlik bankadan ümumi təmiz çəkisi 548 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.