20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Ankara şəhərində anma mərasimi keçirilib. YeniAvropa xəbər verir ki, mərasimdə rəsmi şəxslər, Türkiyə Böyük Millət Məclisinin deputatları, Azərbaycan və Türkiyəni təmsil edən elm və mədəniyyət adamları, QHT və KİV təmsilçiləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr və kursantlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunduqdan sonra ruhlarına dualar oxunub. Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli film nümayiş olunub.
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünivar, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçı və başqaları çıxış ediblər.
Çıxışlarda 1990-cı il yanvarın 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Bakıya qanunsuz olaraq qoşun yeritməsi bir xalqın bütün hüquqlarına qarşı qəsd kimi dəyərləndirilib, ölkəmizin müstəqilliyi uğrunda şəhid olan qəhrəman övladlarımız haqqında ən xoş ifadələr səsləndirilib.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş olunub.