Cənub Qaz Dəhlizinə digər ölkələrin də marağı artır.
YeniAvropa xəbər verir ki, bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısından sonra keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.
“Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti görüşünün iştirakçıları tərəfindən imzalanan Birgə Bəyannamədə strateji tərəfdaşlıq ön plana çəkilib və layihənin təşəbüskarı olan Azərbaycanın rolu bir daha qeyd edilib. İclas zamanı Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrası üzrə əldə olunan nailiyyətləri yüksək qiymətləndirdi. Builki iclasın iştirakçılarının sayında da artım olub. İclasa 17 ölkənin nümayəndəsi qatılıb. Serbiya, Macarıstan və San-Marino ilk dəfə iclasda təmsil olunub. Bu, Cənub Qaz Dəhlizinə marağın artdığınının bariz nümunəsidir”, - deyə nazir bildirib.
P.Şahbazov deyib: “Cənub Qaz Dəhlizinin tərkib hisəssi olan layihələrdən “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi və TANAP-ın Türkiyə təbii qaz nəql edən hissəsi üzrə işlər yekunlaşıb. Azərbaycan qazını Avropaya çatdıracaq TAP boru kəmərinin inşasının 85 faizi tamamlanıb”.