logo

400-ə yaxın hündürmərtəbəli bina istismara qəbul edilməyib

23:57 19-02-2019 | icon 3724
400-ə yaxın hündürmərtəbəli bina istismara qəbul edilməyib

Ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır. YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib.

Onun sözlərinə görə , hazırda həmin binalarda yaşağış mövcuddur: “ Bu binaların tikintisi başa çatdırılıb. Hazırda istismara qəbul edilməmiş 400-ə yaxın binada 10 minə yaxın sakin yaşayır”.

Samir Nuriyev qeyd edib ki, binaların istismara qəbul edilməməsinin əsas səbəbləri icraatın tamamlanmaması və layihədən kənarlaşmalardır: “Binaların istismara qəbul edilməməsi bir neçə səbəb ilə bağlıdır. Birinci səbəb icraatın tamamlanmamasıdır. Yəni, tikintinin mərhələlərində sənədlər qaydaya  salınmayıb. Mənzil tikinti kooperativləri və ya tikinti şirkətləri tərəfindən bu məsələyə məsuliyyətlə yanaşılmayıb.

İkinci səbəb, təsdiq olunmuş layihələrdən kənarlaşmaya yol verilməsidir. Binalarda əlavə tikinti işləri aparılmışdır. Eyni zamanda, bütün sənədləşməsi düzgün olan MTK-lar binanı istismara qəbul olunmasına tələsmirdilər. Qanunvericilikdə olan son dəyişikliklərdən sonra artıq istismara qəbul edilmiş binalarda bir ay ərzində sakinlər öz idarəetmələrini qurmalıdırlar. Bu da MTK-lara sərf etmir”.

 Qeyd edək ki, bu gün prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmana əsasən, 2019-cu ilin sonunadək istismara qəbul edilməmiş hündürmərtəbəli binaların istismara qəbul edilməsi nəzərdə tutulur. Fərman 2019-cu ilin 1 Yanvar tarixinədək tikilmiş və yaşayışın olduğu binalara şamil edilir.