logo

Rumıniya Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır

22:08 19-02-2019 | icon 3017
Rumıniya Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır

Bakıda səfərdə olan Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, eləcə də  “Transgaz” və “Romgaz” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə Energetika Nazirliyində görüş keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki,  görüşdə Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında artıq ikinci dəfə iştirak etdiyini deyən L.Tudorake ölkəsinin layihəyə dəstəyini diqqətə çatdırıb. O, Cənub Qaz Dəhlizinin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin mühüm rol oynayacağını bildirib. O deyib ki, Rumıniya bu layihələrlə gələcəkdə Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır.

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib, Cənub Qaz Dəhlizinin gələcəkdə ötürücülük qabiliyyətinin artırılması hesabına genişlənmək perspektivlərindən danışıb. Nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi bu layihə dəhlizdir. Bu isə gələcəkdə istehsalçı, istehlakçı və tranzit ölkələrin şaxələnməsinə imkan yaradır.

Söhbət zamanı Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin enerji sahəsində hər iki ölkənin maraqlarına xidmət edəcəyinə əminlik ifadə edilib.

Görüşdə, həmçinin Rumıniya enerji şirkətlərinin SOCAR-la əməkdaşlıq imkanları da müzakirə olunub.