Azərbaycanın şimal rayonlarına 14 santimetrədək qar yağıb. Ən çox yağıntı Xızı rayonunun Altıağac qəsəbəsində qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, dağlıq ərazilərdə temperatur mənfi 11 dərəcəyədək aşağı düşüb.
Qubanın Qırız kəndinə 6, Xaltana 10, Xınalığa 8, Təngəaltına 13, Qusar rayonunun Ləzə kəndinə isə 7 santimetr qalınlıqda qar düşüb. Qubanın rayon mərkəzində qarın qalınlığı 11 santimetrdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindənverilən məlumata görə, Quba-Xınalıq yolu qardan təmizlənir. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.
Üç texnika və 15 nəfərdən ibarət növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.