logo

Quş qripi ilə bağlı növbəti monitorinqlər keçiriləcək

16:34 18-02-2019 | icon 3150
Quş qripi ilə bağlı növbəti monitorinqlər keçiriləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti orqanların əməkdaşları ilə birgə ölkə ərazisində yüksəkpatogenli quş qripi xəstəliyi ilə bağlı fevralın 25-dən martın 1-dək növbəti monitorinqlər keçirəcək.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən  YeniAvropa-ya bildiriblər ki, monitorinqlər AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi Institutunun laboratoriyalarının, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin mütəxəssislərinin iştirakı ilə respublikanın müxtəlif milli parklarında, su-bataqlıq ərazilərində, eləcə də dənizsahili ərazilərində aparılacaq.

Monitorinqlərin köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatda, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağgöl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Milli Parkında həyata keçirilməsi nəzərdə tutulur.

Monitorinqlər zamanı həmin ərazilərə ümumi baxış keçiriləcək, təsadüfi qaydada ovlananaraq götürülən quşlar və aşkar edilərsə quş cəsədlərinin patoloji materialları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə ediləcək.