logo

Qanlı Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib

20:15 19-01-2018 | icon 1946
Qanlı Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. YeniAvropa xəbər verir  ki, bu barədə Müdafiə Nazirliyi Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və olkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər vurğulayıb ki, Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. 20 Yanvar təqvimə qara yazılsa da, bizim qürur mənbəyimizdir. Azərbaycan xalqı ötən əsrin sonlarında uzun illərdən bəri əsarətində olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı. 20 Yanvar faciəsi SSRİ-nin dağılma prosesində baş verən ən qanlı hadisələrdən biridir. 1988-ci ildən etibarən Ermənistanın ərazi iddiasına qarşı Dağlıq Qarabağda müharibəyə cəlb edilən Azərbaycan Respublikası həm torpaqların qorunması, həm də dövlət müstəqilliyi üçün mübarizə aparırdı. O dövrdə xalqın küçələrə axışması, mitinqlərdə iştirak etməsi ilə Azərbaycan suverenliyi, müstəqilliyi yolundan dönməz olduğunu bütün dünyaya sübut etdi.
Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunan və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Mənim ağ göyərçinim” adlı tamaşa nümayiş etdirildi.
Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin rəisi adından Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoruna fəxri fərmanlar təqdim olundu.