logo

Azərbaycan Cənubi Avropa üçün əhəmiyyətli qaz tədarükçüsüdür

15:56 15-02-2019 | icon 4389
Azərbaycan Cənubi Avropa üçün əhəmiyyətli qaz tədarükçüsüdür

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz tədarükçüsü olmaq niyyətindədir.

 YeniAvropa xəbər verir  ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məqalədə deyilir.

Yazıda bildirilir ki, Azərbaycan Xəzər dənizi regionunda xüsusilə Avropa bazarına mühüm xam neft və təbii qaz tədarükçüsü hesab olunur. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsinə çevrilməkdədir. Azərbaycanın hasil etdiyi təbii qazın müəyyən hissəsi ixraca yönəldilir.

“Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa İttifaqına üzv ölkələrin rəhbərləri Azərbaycanın “Şahdəniz” təbii qaz yatağından çıxarılan qazın Cənubi Avropaya nəqlini qitənin təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi kimi strateji məqsədi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirirlər. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi, infrastruktur baxımından məhdudiyyətlərin mövcudluğu buradakı ölkələrin təbii qaz təchizatı üçün məhdud seçimlər yaradır”, - deyə məqalədə qeyd edilir.

Bildirilir ki, Azərbaycanın təklif etdiyi qaz həcmləri (ildə 10 milyard kubmetr) Cənubi Avropaya daha az təbii qaz gətirsə də, regional tələbatın ödənilməsi üçün alternativ variant təmin etməklə potensial tədarük pozuntularını azaltmağa kömək edə bilər.

Məqalədə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının hasilat gücü, yatağın işlənməsinin ikinci mərhələsi olan “Şahdəniz-2”, genişləndirilən Cənubi Qafqaz Boru Kəməri (CQBKG) və TANAP kəməri barədə məlumat verilir. Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP boru kəmərinin 2020-ci ildə tamamlanması gözlənilir. “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.