logo

“İş yerinə dair arayış” elektron xidmətinə 815 mindən çox müraciət qeydə alınıb

14:47 19-01-2018 | icon 2758
“İş yerinə dair arayış” elektron xidmətinə 815 mindən çox müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən 2017-ci il ərzində əvvəlki illə müqayisədə 48,3 faiz çox olmaqla 337 min 749 dəfə istifadə edilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayında hər ay artım dinamikası özünü göstərir. Buna misal olaraq, 2017-ci ilin dekabrında həmin elektron xidmətə müraciətlərin sayı noyabra nisbətən 16,7 faiz, 2016-cı ilin dekabrına nisbətən isə iki dəfəyə qədər artaraq 41 min 382-yə çatıb.

Həmin elektron xidmətdən istifadəyə ictimai maraq onun əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsə istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verməsindən irəli gəlir. Bununla da vətəndaşın müvafiq hallarda qeyd olunan arayışı almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə ehtiyac qalmır. Elektron xidmətdən istifadə zamanı formalaşdırılan arayışı istifadəçi çap edərək kağız şəklində aidiyyəti təşkilata təqdim edə, yaxud arayış tələb olunan təşkilata elektron yolla göndərə bilir. Arayışın təqdim edildiyi hər hansı təşkilatın onun düzgünlüyünü, sənəddə əksini tapan məlumatların doğru olub-olmadığını portaldakı xüsusi elektron xidmət vasitəsilə yoxlaması mümkündür.

“İş yerinə dair arayış” elektron xidməti üç ildən çoxdur ki, fəaliyyət göstərir və ötən müddətdə “Elektron hökumət” portalının elektron arayışlar bölməsində ən çox istifadə edilən elektron xidmətlər sırasında olub. İndiyədək “İş yerinə dair arayış” elektron xidmətinə 815 mindən çox müraciət qeydə alınıb və bu, portaldakı 18 növdə elektron arayış xidmətləri üzrə edilən ümumi müraciətlərin təqribən yarıya qədərini təşkil edir.