logo

Ötən il Çexiya-Azərbaycan ticarət dövriyyəsi 1,1 milyard avro olub

22:49 13-02-2019 | icon 3031
Ötən il Çexiya-Azərbaycan ticarət dövriyyəsi 1,1 milyard avro olub

2018-ci ilin məlumatına görə, Çexiya Azərbaycan üçün beşinci ən mühüm ticarət tərəfdaşı və doqquzuncu ən iri xarici investordur. Hər il Səngəçal terminalından Çexiyanın Kralupa Vltava şəhərinə iki milyon tondan çox neft göndərilir. Mübaliğəsiz demək olar ki, Çexiya maşınlarının üçdəbir hissəsi Xəzər neftindən istehsal olunmuş yanacaqla hərəkət edir.

YeniAvropa xəbər verir  ki, bu fikirləri Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert 2018-ci ilin yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Diplomat vurğulayıb ki, Çexiyadan Azərbaycana maşınqayırma məhsulları, avtomobillər və elektronika gətirilir. Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın ötən ilin sentyabrında ilk xarici səfəri üçün məhz Bakını seçməsi qarşılıqlı əməkdaşlığa xüsusi diqqət yetirildiyini əyani nümayiş etdirir.

Səfir deyib: “Çexiya Statistika Bürosunun məlumatlarına görə, 2018-ci ildə ticarət dövriyyəsinin xeyli artması (2017-ci illə müqayisədə 12 faiz) və 1,1 milyard avroya çatması müşahidə olunub. Özü də Azərbaycandan Çexiyaya ixracat 15 faiz artaraq 1 milyard avro olub”.

Milan Ekert vurğulayıb ki, Azərbaycan bazarına çıxmaq üçün Çexiya şirkətlərinin cəlb edilməsi Çexiya səfirliyinin prioritet vəzifələrindən biridir. Çexiya şirkətlərinin Azərbaycanda yetərincə böyük iş təcrübəsi var. Onların çoxu Azərbaycandan olan tərəfdaşlarla birgə istehsal imkanını nəzərdən keçirməyə hazırdır.