logo

Şamaxıda vulkan püskürdü

12:10 13-02-2019 | icon 2940
Şamaxıda vulkan püskürdü

Şamaxı rayonunda palçıq vulkanı püskürüb.

YeniAvropa xəbər verir  ki, bu barədə  Şamaxı rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov KİV-ə  məlumat verib.

Onun sözlərinə görə, vulkan rayonun Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".

B.Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev isə bildirib ki, “Quşçu” vulkanının püskürməsi gözlənilən idi.

Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.

Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən şöbə müdiri baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Quşçu” ilə yanaşı, “Dəmirçi”, “Qızmeydan”, Qobustanda “Şıxzərli” vulkanlarında da  aktivləşmənin olacağını ehtimal edib.

Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.