logo

Mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib

17:15 12-02-2019 | icon 2716
Mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib

Abşeron rayonunda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib. Hadisə rayonun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən kərpic zavodunda baş verib.

Rayon Polis İdarəsindən (RPİ)  YeniAvropa–ya bildirilib ki, ərazidə fəaliyyət göstərən "Asiman" MMC-yə məxsus kərpic istehsalı ilə məşğul olan zavoddan oğurluq edilməsi barədə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı həmin müəssisədən 23 və 20 metr uzunluğunda iki ədəd elevator kəməri və 1 ədəd motor oğurlandığı məlum olub. Nəticədə müəssisəyə xeyli miqdarda maddi ziyan vurulub.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, elə həmin müəssisədə gözətçi işləyən, 49 yaşlı Şövqi Xosrovov, tanışları 31 yaşlı Abbas Mehdiyev və 30 yaşlı Elnur Abdıyev saxlanılaraq istintaqa təhvil verilib. Onlar bu hadisəni qabaqcadan planlaşdırdıqlarını və əldə etdikləri malları 630 manata sataraq, pulu öz aralarında böldüklərini etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb.