logo

Sərhəd pozucusu zərərsizləşdirilib

11:09 11-02-2019 | icon 2800
Sərhəd pozucusu zərərsizləşdirilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, fevralın 11-də saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən bir nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Respublikası istiqamətində geriyə doğru qaçıb. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseynqulu oğluna məxsus Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə bir gecə görmə cihazı aşkar olunub.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.