Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiyanın birgə layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.
YeniAvropa xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov iştirak edib.
Kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu Azərbaycanın “Azərmaş” ilə Rusiyanın “QAZ Qrup” şirkətinin birgə layihəsidir. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manat təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.
Zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Zavodda “QAZel”, “QAZel Biznes”, “QAZel Next” avtomobillərinin modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.