Qubada çaya aşan ekskavatorun sürücüsünün axtarışlarına əlavə qüvvələr cəlb olunub
Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavatorun çaya aşması nəticəsində itkin düşən sürücünün axtarışlarına əlavə qüvvələr cəlb olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin(FHN) məlumatında deyilir. Qeyd edilib ki, fevralın 7-si səhər saatlarında baş verən bədbəxt hadisə nəticəsində ekskavatorçu, Şabran rayon sakini Vüqar Qasımovun suya düşdüyü və ya çayın sahilindən qopan torpaq layının altında qaldığı ehtimal edilir.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu V.Qasımovun itkin düşdüyü ərazidəki su hövzəsində axtarışlar həyata keçirir.
Axtarışların sürətləndirilməsi üçün su hövzəsinin nasoslar vasitəsilə boşaldılmasına başlanılıb.
Vüqar Qasımov ailəlidir, üç övladı var.