logo

2018-ci ildə Azərbaycan 113 ölkəyə məhsul ixrac edib

15:48 08-02-2019 | icon 3003
2018-ci ildə Azərbaycan 113 ölkəyə məhsul ixrac edib

2018-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac edilib, 178 ölkədən isə idxal olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən il ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 20 milyard 290,9 milyon dollar, idxalın dəyəri 11 milyard 465 milyon dollar təşkil edib. Nəticədə 8 milyard 825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, o cümlədən ixrac 31,1 faiz, idxal 30,5 faiz artıb. Real ifadədə isə dövriyyə 0,5 faiz, o cümlədən ixrac 0,6 faiz, idxal isə 0,2 faiz artıb.

İxracın 30,2 faizini İtaliyaya, 9,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Çexiyaya, 4,2 faizini Hindistana, 4 faizini Almaniyaya, 3,7 faizini Tayvana (Çinin əyaləti), 3,4 faizini Rusiyaya, hər biri 3,1 faiz olmaqla Kanada və İndoneziyaya, 2,7 faizini Portuqaliyaya, 2,5 faizini Gürcüstana, 2,3 faizini Fransaya, 2 faizini İspaniyaya, qalan 17,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1 faiz çoxdur.

Keçən il 2017-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,4 faiz, təzə tərəvəz 1,6 faiz, kartof 15,6 faiz, bitki yağları 14,2 faiz, meyvə və tərəvəz konservləri 12,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 1,8 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar 5,2 faiz, pambıq lifi 2,4 dəfə, polietilen 5,1 faiz, emal olunmamış alüminium 9,4 faiz, pambıq ipliyi 35 faiz artıb. Şəkər ixracı isə 28 faiz, tütün 9 faiz, meyvə və tərəvəz şirələri 22,2 faiz, çay 21,2 faiz, qara metallardan borular 2,3 faiz, qara metallardan yarımfabrikatlar 49,8 faiz, bentonit gili 11,5 faiz azalıb.

2017-ci illə müqayisədə ötən il siqaret idxalı 2,2 faiz, təzə meyvə 42,2 faiz, quş əti və onun əlavə məhsulları 32 faiz, qara metallardan borular 1,6 dəfə, minik avtomobilləri 2,3 dəfə, qara metallardan çubuqlar 45,9 faiz, mineral gübrələr 1,6 dəfə, mebellər 24 faiz, hesablama maşınları, blok və qurğuları 42,8 faiz, polietilen 13,6 faiz, məişət kondisionerləri 39,6 faiz, paltaryuyan maşınlar 10,8 faiz, yük avtomobilləri 1,9 dəfə, qara metallardan künclüklər 7 faiz, avtobuslar 1,6 dəfə, sement və sement klinkerləri 36,2 faiz, məişət soyuducuları 52,1 faiz artıb. Buğda idxalı isə 15,2 faiz, bitki yağları 0,8 faiz, xam şəkər və şəkər 35,2 faiz, kərə yağı, digər süd yağları və pastaları 12,3 faiz, çay 4,6 faiz, kartof 5,7 faiz, mal əti 10 faiz, təzə tərəvəz 41,3 faiz, polad prokatı 11,4 faiz, rezin şinlər 13,7 faiz azalıb.