Ötən il korrupsiya faktı üzrə 431 vəzifəli şəxs barəsində 278 cinayət işi məhkəmələrə göndərilib
2018-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
YeniAvropa xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov fevralın 7-də Azərbaycan Respublikası Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında çıxışı zamanı bildirib.
Zakir Qaralov qeyd edib ki, həmin işlər üzrə 53,3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34,2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.
Baş prokuror həmçinin, diqqətə çatdırıb ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətlərindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin isti izlərlə açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətlərindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.