logo

Azəbaycanın dövlət sərhədini pozmağa cəhdin qarşısı alınıb

11:30 07-02-2019 | icon 2723
Azəbaycanın dövlət sərhədini pozmağa cəhdin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, son günlər Xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı dövlət sərhədini pozmağa cəhd göstərən Şri-Lanka (2), Özbəkistan (1), Azərbaycan (1), həmçinin dövlət sərhədinin pozulması ilə əlaqədar cinayətlərin iştirakçısı olan Şri-Lanka (1) və Azərbaycan (3) vətəndaşlarının saxlanılmasını təmin edib.

Yanvarın 15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-London” reysi ilə uçmağa hazırlaşan Şri-Lanka vətəndaşları 1972-ci il təvəllüdlü Subramaniyam Rasenthiram və 1999-cu il təvəllüdlü Siththirasekaram Panusam sənədlərin rəsmiləşdirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizalarının saxta olması ilə əlaqədar saxlanılıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı, 1982-ci il təvəllüdlü Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətəndaşları, 1986-cı il təvəllüdlü Mövlayev İlqar Dilqəm oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Ramazan Mirtalıb oğlu və 1993-cü il təvəllüdlü Piriyev Şahin Əhmədağa oğlu saxlanılıblar.

Yanvarın 18-də Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Alıoğlu Orxan Famil oğlu DSX Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qəsəbəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən sərhəd pozucusu qismində yaxalanıb.

Yanvarın 20-də isə həmin ərazidən və eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd edən Özbəkistan vətəndaşı, 1951-ci il təvəllüdlü Nurmaxammadov Ramazon Nurmahammad oğlu sərhəd pozucusu qismində saxlanılıb. Hər iki şəxsin üzərində Rusiya Federasiyasından deportasiya olunması barədə arayışlar aşkarlanıb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.