Kəmaləddin Heydərov: Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə yerləşdiriləcəklər
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri ilə birgə fevralın 5-də gecə saatlarında baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə həmin əraziyə gəliblər.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıb.
Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Prezident İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb. Rayon fövqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görüləcək.
Nazir bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər.
Diqqətə çatdırılıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.
Qeyd edək ki, zəlzələnin baş verdiyi ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.