logo

Kəmaləddin Heydərov zəlzələ baş verən bölgəyə gedib

13:57 06-02-2019 | icon 2849
Kəmaləddin Heydərov zəlzələ baş verən bölgəyə gedib

Ötən gün baş vermiş zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin 112 – “qaynar xətti”nə dörd rayon üzrə 73 müraciət daxil olub. Müraciətlərdə ciddi fəsadların olmadığı qeyd edilib. 

YeniAvropa xəbər verir  ki, bunu zəlzələnin nəticələrinin araşdırılması məqsədilə fevralın 6-da bölgəyə gələn fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində deyib.

Prezident İlham Əliyevin tapşırığı ilə bölgəyə gəldiyini deyən nazir vurğulayıb ki, FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə və vətəndaşlara baş çəkiblər. Çox şükür ki, ölüm halı olmayıb. Üç nəfər həyəcanlanaraq qaçmaq istəyərkən xəsarət alıb. Onlardan ikisinin ayağı, birinin isə qolu sınıb. Həmin vətəndaşlar hazırda müalicə alırlar. Fövqəladə Hallar Nazirliyinin 112 – “qaynar xətti”nə dörd rayon üzrə ümumilikdə 73 müraciət daxil olub. Müraciətlərdə ciddi fəsadların olmadığı qeyd edilib.

“Ümumiyyətlə, bu dərəcədə olan zəlzələ nəticəsində fəsadların cüzi olması sevindiricidir. Belə ki, itki olmayıb, evlərdə və digər binalarda ciddi uçqun və ya qəza olmayıb. Bəzi evlərdə içəridən və bayırdan divarların uçması halları baş verib. Dövlətimizin başçısının tapşırığı ilə FHN-in komissiyası Şamaxı ilə yanaşı, İsmayıllı, Ağsu rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları ilə birgə işləyirlər. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da göstəriş verib. Fondun könüllüləri də bu işdə iştirak edəcəklər”, - deyə nazir Kəmaləddin Heydərov vurğulayıb.