Fevralın 5-də İsmayıllı ərazisində baş verən zəlzələ nəticəsində rayonun Sulut, Kələveyvə və Sərsurə kəndlərində əvvəlcədən qəzalı vəziyyətdə olan evlərdəki çatlar böyüyüb.
YeniAvropa xəbər verir ki, bu barədə İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Məlumatda bildirilib ki, hazırda rayon fövqəladə hallar komissiyasının üzvləri yerli icra nümayəndəlikləri ilə birlikdə zəlzələ nəticəsində dəymiş zərəri müəyyənləşdirmək üçün yerlərdə araşdırma aparırlar.
Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.