Fevralın 5-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan YeniAvropa-ya bildirilib ki, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul olunub.
İclasda, həmçinin İctimai Televiziyanın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib.