logo

Nobel prospekti 25 günlüyünə tam bağlanacaq

17:09 05-02-2019 | icon 2884
Nobel prospekti 25 günlüyünə tam bağlanacaq

Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır.

“Azərsu” ASC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhərində yaranan tullantı sularının 30 faizindən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib. Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi ötən ilin dekabr ayında baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarşısını almaq məqsədilə “Azərsu” tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, bu sahədə ixtisaslaşmış “Penetron-Azərbaycan” şirkəti tərəfindən şaxta daxildən xüsusi materiallarla izolyasiyası edilərək şaxtaya daxil olan qrunt sularının qarşısı tam alınıb.

Bununla paralel olaraq çökmənin səbəbinin araşdırılması, kollektorun və texnoloji şaxtanın texniki vəziyyətinin kompleks qiymətləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Sukanal Elmi Tədqiqat Layihə İnstitutunun, eləcə də bu sahədə ixtisaslaşmış Evrascon Korporasiyasının və Geotek şirkətinin mütəxəssisləri cəlb edilib.

Hidrotexniki qurğuların texniki vəziyyətinin öyrənilməsi ilə yanaşı, ərazidə kompleks geofiziki və geoloji tədqiqat işləri də aparılıb. Mürəkkəb geoloji şəraitə malik ərazidə su ilə doymuş və axıcılıq xüsusiyyətinə malik qruntların hidrotexniki qurğulara, yol infrastrukturuna real təhlükə yaratdığı məlum olub.

Sahil kollektorunun 1980-ci illərdən istismar edildiyini və qeyd edilən riskləri nəzərə alaraq ərazidə axıcılıq xüsusiyyətlərə malik qruntların hərəkətinin məhdudlaşdırılması və qrunt-bərkitmə işlərinin aparılmasına qərar verilib. Bu işlərin görülməsi məqsədilə ixtisaslaşmış təşkilatlar tərəfindən layihə sənədləri hazırlanır və mobilizasiya işlərinə hazırlıq görülür. Qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 metr olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcək. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaq.

İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının razılığı əsasında tikinti işlərinə yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Prospektdə hərəkət məhdudlaşdırılması zamanı paralel olaraq Sahil kollektorunun yaxınlıqda yerləşən texnoloji şaxtalarında da kompleks tədqiqat işləri aparılacaq.

ASC əhalinin və infrastrukturun təhlükəsizliyi məqsədilə görülən işlər zamanı yaranacaq narahatlığa görə üzr istəyir.