Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyəti bu il Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edəcək. Bununla bağlı müqaviləni “Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıblar.
“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, istehsal olunacaq 81-765.Б/766.Б modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. 2017-ci ildən istehsal olunan yeni vaqonlar Bakı metropoliteninin istismar parkındakı eyni modellərin sayını artıracaq. Alınacaq vaqonlar sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanıb.
Əvvəlki nümunələri ilə müqayisədə indiki vaqonların qapıları daha enlidir, qapıların açılıb bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün elektrik mənbəyinə malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb. Orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.