logo

Azərbaycan Mockvada keçirilən “Prodekspo” sərgisinin baş sponsorudur

17:31 04-02-2019 | icon 3073
Azərbaycan Mockvada keçirilən “Prodekspo” sərgisinin baş sponsorudur

Fevralın 11-dən 15-dək Moskvadakı “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodekspo-2019” sərgisi - 26-cı Beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisi keçiriləcək.

Azərbaycanın Moskvadakı Ticarət Nümayəndəliyindən YeniAvropa-ya  verilən məlumata görə, builki “Prodekspo” sərgisinin baş sponsoru yenə Azərbaycan olub. Ölkəmizin həmin sərgidə təqdim edəcəyi “Made in Azerbaijan” milli stendində geniş çeşidli milli məhsullar nümayiş etdiriləcək.

31 şirkətin kollektiv ekspozisiyasında təzə kənd təsərrüfatı məhsulları, konservlər, təbii mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, fındıq-qoz, quru meyvə, qənnadı məmulatı və s. təklif ediləcək.

“Spirtli içkilər. Şərab. Pivə” salonuna gələnlər Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış ola biləcəklər.

RF Ticarət-Sənaye Palatasının himayəsi və RF Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” tərəfindən təşkil edilən “Prodekspo” postsovet məkanında ərzaq sənayesi məhsullarının ən genişmiqyaslı sərgi layihəsidir.

Ümumi sahəsi 100 min kvadratmetrdən çox olan “Prodekspo-2019” sərgisində dünyanın 65 ölkəsində qida məhsulları və müxtəlif içkilər istehsal edən 2300-dən çox şirkət iştirak edəcək.

30 tematik salonda yeyinti, emal və içki sənayesi sahələrinin çox geniş spektri təqdim ediləcək.

Qarşıdakı sərgiyə gələnləri bir sıra yeniliklər gözləyir. Məsələn, orqanik qida məhsulları və içkilər istehsalı və satışı üzrə ixtisaslaşdırılmış “Prodekspo orqanik” salonu, kiçik həcmli sifarişlərlə işləyən topdansatış bölüşdürmə mərkəzlərini və ticarət evlərini birləşdirən, restoranlar üçün məhsullar nümayiş etdiriləcək “Multiproduk” xüsusi bölməsi budəfəki sərginin “premyeraları” sayıla bilər.