logo

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu tarixi bina bərpa ediləcək

22:19 03-02-2019 | icon 2814
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu tarixi bina bərpa ediləcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən və bir neçə tarixi hadisəyə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasına şahidlik edən bina təmir və bərpa ediləcək.

YeniAvropa xəbər verir  ki, Tbilisi İnkişaf Fondu binanın bərpası ilə bağlı tender elan edib.

Tenderin ən başlıca şərtinə görə, müsabiqədə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpasında böyük təcrübəyə malik olmalıdır.

Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tbilisi İnkişaf Fonduna 2019-cu il dekabrın 10-dək hazır layihə təqdim etməlidir.

Binanın təmir və bərpası üçün ümumilikdə 600 min lari (təqribən 227 min dollar) vəsait nəzərdə tutulub.

Qeyd edək ki, hazırda “Gənclər sarayı” kimi fəaliyyət göstərən bina Tbilisinin mərkəzi Rustaveli prospekti, 6 ünvanında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunub, Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.