logo

Bayıda evdən içərisində 12 min manatlıq qızıl-zinət əşyaları olan seyf oğurlandı

20:59 02-02-2019 | icon 2737
Bayıda evdən içərisində 12 min manatlıq qızıl-zinət əşyaları olan seyf oğurlandı

Bayıl qəsəbəsinin Əlibəyov Qardaşları küçəsində yaşayan paytaxt sakini Şakir Eminbəyli Səbail Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yaşadığı evin ikinci mərtəbəsindəki pəncərə və dəmir barmaqlıqlar sındırılıb və içərisində ona məxsus qızıl-zinət əşyaları və sənədlər olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, zərərçəkən izahatında ona 12 min manat məbləğində maddi ziyanın dəydiyini qeyd edib.

Hadisə ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - İslam Qurbanov və Ülvi Muradov saxlanılıb, cinayətin digər iştirakçısının şəxsiyyəti müəyyən edilib.

Aparılan araşdırma zamanı məlum olub ki, hadisə zamanı istintaqa şəxsiyyəti məlum olan şəxslə Ü.Muradov əvvəlcədən cinayət əlaqəsinə girərək zərərçəkənin mənzilindən oğurluq etmək qərarına gəliblər. Həmin evdən oğurlanan zinət əşyalarından bir qismi Ü.Muradovun şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə qızıl qəbulu məntəqəsinə satılıb.

Hadisədən sonra seyf dəstənin digər üzvü İ.Qurbanovun yaşadığı mənzildə kəsilib. Seyfdən çıxan qızıl-zinət əşyalarının bir hissəsi İ.Qurbanovda qalıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.