logo

Rusiyadan quşçuluq və heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

14:10 01-02-2019 | icon 3661
Rusiyadan quşçuluq və heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

Ölkəmizin ərazisinə digər dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Rusiya Federasiyasının Krasnodar vilayətində Nyukasl xəstəliyi və Xabarovsk vilayətində dabaq xəstəliyinin yayılmasını müəyyən edib.

Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Krasnodar vilayəti ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”.

Xəbərdarlıqda, həmçinin nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Krasnodar və Xabarovsk vilayətlərindən birbaşa və ya həmin ərazilərdən tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət edildiyi bildirilir.