2018-ci ildə ölkədə 45 490 unsiya qızıl(1,3 ton) və 77 340 unsiya gümüş(2,2 ton) hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin baş ofisində keçirilən 2018-ci ilin yekunlarına həsr olunan geniş tərkibli iclasda bildirilib. İclası giriş sözü ilə açan "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov 2018-ci ilin "AzerGold" də uğurlu olduğunu vurğulayıb. Bildirib ki, ötən il QSC tərəfindən "Çovdar" yatağından 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib ki, bu da 2018-ci il üçün müəyyən olunan hasilat planını üstələyərək 2017-ci il qızıl hasilatı üzrə göstəricilərdən 34 faiz, gümüş hasilatı üzrə göstəricilərdən 53 faiz çoxdur.
İclasda, həmçinin cari il üçün hasilat planı da müzakirə olunub.Bildirilib ki, 2019-cu ildə "AzerGold" QSC tərəfindən Çovdar yatağının yerüstü (oksid) istismar mərhələsi çərçivəsində hasilat planına uyğun olaraq 50 min unsiya qızıl və 87 min unsiya gümüşün hasil edilməsi nəzərdə tutulub ki, bu da 2018-ci ilin qızıl hasilatından 10 faiz, gümüş hasilatından 13 faiz çoxdur.